Nəfəs LGBT Azərbaycan Alyansının rəhbəri Cavid Nəbiyev Sumqayıt şəhər polis idarəsinin rəis müavini Süleyman Neymətov və təhqiqat şöbəsinin rəhbəri Bəhruz Hacıyev ilə görüşüb. Görüş zamanı təşkilat rəhbəri ümumilikdə homoseksual insanların hüquqlarının müdafiəsi və ölkədəki vəziyyət barəsində məlumat verib. O bildirib ki, hər hansısa homoseksual insan fiziki və ya psixoloji zorakılığa məruz qaldığı an hüquq mühafizə orqanına müraciət edə bilmir.
Səbəb isə etimadın olmaması, anonimliyin təmin edilməməsidir. Bununla yanaşı Cavid Nəbiyev LGBT fəaliyyətinə görə ona qarşı edilən hədə qorxular, şərəf-ləyaqətin təhqir edilməsi, fiziki güc tətbiq edilməsi hallarından danışıb. O bildirib ki, Sumqayıt şəhər polis idarəsinə etdiyi müraciətlərə baxılmaması, ümumilikdə bucür halların qarşısının alınmaması və səbəbkarların cəzalandırılmaması nifrət cinayətlərinin artmasına səbəb olur. Buna görə də hüquq mühafizə orqanları LGBT hüquqlarını müdafiə edən təşkilatlarla qanunda nəzərdə tutulmuş formada əməkdaşlıq etməlidir.
Süleyman Neymətov öz növbəsində bildirib ki, cənab nazirə göndərilən müraciətlə bir başa özü maraqlanacaq: “Bizə müraciət edən heç bir vətəndaş arasında dini, cinsi, siyasi baxışına görə ayrı-seçkilik etməmişik. Hər bir vətəndaş bizim üçün bərabərdir və biz hüququ pozulən hər bir vətəndaşın hüquqlarının təmin edilməsinə çalışırıq, eyni ilə də homoseksual insanların hüquqi müdafiəsi də bura daxildir. Bütün bunlar Azərbaycan Respublikasının qoşulduğu konvensiyalarda üzərinə götürdüyü homoseksual insanların hüquqi müdafiəsinin təmin edilməsi öhdəliyindən irəli gəlir.Bu bizim vəzifə borcumuzdur. Ona görə də bu mövzuda olan istənilən müraciətə baxmaqa hazırıq.”
Sonda Cavid Nəbiyevə edilən fiziki və psixoloji zorakılıq, şərəf və ləyaqətin təhqir edilməsi ilə bağlı cinayət işi açılıb.