Cənubi Qafqazın geyləri: oxşar dərdlər


Mika Artyan bir neçə il bundan əvvəl Ermənistanı tərk edərək Londona gəlib. Tibb təhsili alsa da, insan haqları ilə hər zaman maraqlandığını deyir.

Artyan hazırda insan haqları və LGBT mövzusunda yazan bloqqer kimi tanınır.

Onun sözlərinə görə, 2012-ci ildə Yerevanda geylərin toplaşdığı barın partladılması və küçə yürüşünə hücumlar Ermənistandakı LGBT-nin həyatında dönüş nöqtəsi olub.

“Bu hadisələrdən sonra, tanınmış şəxslərin və hakimiyyətdə olan rejimin, medianın himayəsilə homofobiya püsgürməsi nəticəsində vəziyyət daha da pisləşib,” Artyan bildirir.

Ermənistan Qafqazda LGBT hüquqlarının qorunması üzrə BMT cinsi oriyentasiya və gender kimliyi bəyannaməsini təsdiq etmiş (2008-ci ildə) ilk ölkədir. 2003-cü ildən bəri isə Ermənistanda homoseksuallıq qanunidir.

Buna baxmayaraq, İLGA-Europe LGBT təşkilatının illik hesabatına görə, Ermənistan LGBT haqlarının vəziyyətinə görə 49 Avropa ölkəsi arasında 46-cı yerdədir. Hesabata görə, Azərbaycan bu siyahıda Ermənistan, Türkiyə və Rusiyadan sonra sonuncu yerdə durur və beləcə də Avropanın ən homofob ölkəsi sayılır.

Bu mənada Gürcüstan bir xeyli öndədir. LGBT haqlarına münasibətə görə 35.80 faiz xal toplamış Gürcüstan siyahıda 22-cidir.

Gürcüstan keçmiş Sovet məkanında LGBT-ə qarşı diskriminasiyanı qanunla qadağan etmiş azsaylı ölkələrdən biridir. Hətta ölkənin keçmiş baş naziri Bidzina İvanişvili bu mövzuda çıxış edərək, “cinsi azlıqlar ölkənin bərabər hüquqlu vətəndaşlarıdır və cəmiyyət yavaş-yavaş buna vərdiş edəcək,” deyib.

Ermənistan

Yerevanda fəaliyyət göstərən PİNK Armenia təşkilatının sədri Mamikon Hovsepyanın sözlərinə görə, Ermənistan cəmiyyətində homofobiya hökm sürür.

PİNK Armenia LGBT təşkilatının sədri Mamikon Hovsepyan Ermənistanda homofobiyanın güclü olduğunu deyir

“Dövlət və kilsənin homofobiyanı dəstəkləyərək nifrət yaydığı belə kiçik cəmiyyətdə gey olmaq çox çətindir,” Hovsepyan deyir.

Buna baxmayaraq, onun sözlərinə görə, Ermənistanda hazırda təxminən 10 LGBT təşkilatı fəaliyyət göstərir.

“Lakin yalnız 2-3 təşkilat açıq şəkildə fəaliyyət göstərə bilir və buna səbəb də cəmiyyətdəki qorxudur,” Hovsepyan bildirir.

Mamikon Hovsepyanın sözlərinə görə Yerevanda geylərin toplaşdığı bir neçə yer olsa da o, özünü o cür yerlərdə rahat və təhlükəsiz hiss etmədiyindən daha çox boş vaxtını evdə və ya daha az adamın olduğu yerlərdə keçirməyə üstünlük verir.

O, ailəsinin onun dəyişəcəyinə hələ də ümid etdiyini, əksər qohumlarından isə uzaq gəzdiyini deyir.

Hovsepyan, LGBT mövzusunda ölkədə heç bir maarifləndirmənin olmadığını, əvəzində isə medianın nifrət və aqressiya yaydığını söyləyir.

Hazırda Ermənistanda yaşayan feminist bloqqer Karine Ağacanyanın sözlərinə görə, “Ermənistanda da, dünyanın əksər yerlərində olduğu kimi, LGBT-nin vəziyyəti dözülməzdir”.

“Ölkədə seks təhsili yoxdur. Bu, homoseksuallara qarşı tolerantlığın yaranması yolunda çox gərəkli ola bilər,” Ağacanyan deyir.

Feminist bloqqer olan Karine Ağacanyan sülh və qadın haqları ilə bağlı layihələri həyata keçirir

O deyir ki, ölkədə, “geyləri yandırın” və ya “21-ci əsrin əxlaqsızları” kimi zorakı ittihamlar höküm sürür.

Onun sözlərinə görə, ailəsi həyat tərzi və seçimini həmişə dəstəkləyib. “Mən həmçinin anamla birgə müxtəlif sülh və qadın haqları layihələrini həyata keçirirəm”.

Ağacanyan azlıqların hüquqlarına hörmətin, sülh üçün ən vacib komponentlərdən biri olduğuna inanır.

Mika Artyan Ermənistanda LGBT-nin əsas problemi kimi “Sovet mirası” ilə yanaşı, “maço mentaliteti”nin də rolunu qeyd edir.

“Digər bir problem isə iqtisadi azadlığın olmamasıdır. Ermənistanda bir çox LGBT ailəsinin dəstəyindən asılıdır,” Artyan deyir.

Onun sözlərinə görə, Qafqazda Gürcüstan LGBT haqlarının qorunması və tolerantlıq mövzusunda digər iki ölkədən daha qabaqdadır.

“Cənubi Qafqazda Ermənistan bu mənada ortadadır. Azərbaycanda isə vətəndaş cəmiyyətinə qarşı dövlət səviyyəsində təzyiqlər həyata keçirilir və bu kontekstdə LGBT hüquqları da qorunmur,” Artyan bildirir.

LGBT fəalı olan Vardan Hambarsumyan isə Qafqazdakı LGBT təşkilatlarının əməkdaşlığının sülh üçün əsas ola biləcəyini düşünür.

“Mən LGBT nümayəndələrinin regiona sülh gətirəcəyini deyə bilmərəm. Lakin Ermənistan LGBT-ləri ilə digər Qafqaz LGBT-ləri arasında müəyən əməkdaşlığın olduğunu bilirəm. Bu əməkdaşlıqlar sülh quruculuğunun təməli ola bilər,” Hambarsumyan deyir.

Ermənistanın BMT-dəki səfiri Vahram Kazhoyan “BMT Azad və Bərabər” kampaniyasına qoşularaq bütün dünyada homoseksualların hüquqlarının qorunması üçün çağırış edib. Ermənistanda “gey təşviqatını qadağan edən qanun” layihəsi müzakirəyə çıxarılsa da, 2013-cü ildə geri götürülüb.

Azərbaycan

Hazırda Fransada yaşayan azərbaycanlı rəssam və şair Babi Bədəlovun fikrincə, Azərbaycanda gey mövzusuna dözümsüz və aqressiv münasibətin kökündə İslam dini dayanır. “Azərbaycan İslam ölkəsidir və bu dində saysız-hesabsız primitiv düşüncəli insan var ki, homoseksuallığı çırkin qərblilərin həyat tərzi hesab edir”.

Babi Bədəlov Azərbaycanda təzyiqlərə məruz qaldığı üçün Avropaya köçməyə məcbur olduğunu deyir

Bədəlov Azərbaycanın cənub bölgəsi olan Lerik rayonunda doğulub. Uzun müddət Rusiyada yaşasa da, sonradan Azərbaycana geri qayıdıb.

Onun sözlərinə görə, gey olmasından xəbər tutduqdan sonra ailə üzvləri ona hədə-qorxu gəlməyə başlayıb və bundan sonra Azərbaycanı tərk edərək Avropaya köçməyə məcbur olub.

“Avropada kiçik əyalət şəhərlərini deyə bilmərəm, amma böyük şəhərlərdə gey olaraq xoşbəxt yaşamaq mümkündür. Mən Parisdə yaşayıram və tamamilə azadam,” Bədəlov deyir.

Rəssamın sözlərinə görə, Azərbaycanda LGBT-lərin həyatı hər zaman təhlükə altındadır. “Azərbaycanda homoseksualların gələcəyi üçün çox işlər görmək lazımdır. İlk növbədə dövlət LGBT-lərin hüquqlarının qorunması üçün təbliğat aparmalıdır”.

Azərbaycanda yaşayan Nəzrin deyir ki, əgər “gey olduğunu gizlətsən və hamıya özünü yalandan homofob kimi təqdim etsən, Azərbaycanda yaşamaq heç də çətin deyil”.

Nəzrin hazırda tələbədir və ekologiya ixtisası üzrə təhsil alır. “Gey olduğumu ailəmdə sadəcə bacım və qardaşım bilir. Anama deməmişəm, yəqin özü təxmin edib”.

O deyir ki, Azərbaycan cəmiyyətində homoseksual olmaq əxlaqsızlıq kimi qavranılır və hətta homoseksual sözünü işlətmək belə ədəbsizlik sayılır.

“İnsanların çoxu, cəmiyyətə fayda vermiş homoseksuallardan xəbərsizdir. Problemin kökündə məlumatsızlıq dayanır,” Nəzrin deyir.

Buna baxmayaraq, onun fikrincə Azərbaycanda LGBT-yə münasibətdə hər il müsbət mənada dəyişiklik baş verir.

Şərti olaraq Samir adlandırdığımız şəxs də Azərbaycanda LGBT-ın gələcəyinə ümidli baxdığını deyir. “Çünki artıq insanlarımız bu mövzuda öyrənir, məlumat toplamağa başlayıb. Homoseksuallıq haqqında olan mühafizəkar fikrin yavaş-yavaş yox olduğunu müşahidə edirəm”.

18 yaşı olan Samir hazırda tələbədir və filologiya ixtisası üzrə təhsil alır. “Mən artıq 12 yaşım olanda homoseksual olduğumu qəbul etdim və bunu heç kimdən gizlədə bilməyəcəyimi düşündüm. Ona görə də ətrafımda olan ən yaxın insanlara cinsi oriyentasiyam barədə etiraf etmək qərarına gəldim,” Samir deyir.

O, gey olduğunu biləndən sonra valideynlərinin ona olan münasibətinin tamam dəyişdiyini və soyuduğunu deyir. “Atam məni qız kimi olduğuma görə qəbul edə bilmirdi. Lakin mən ümidimi itirmədim və bu günə qədər heç vaxt intihar barədə düşünməmişəm”.

Hazırda o, ətrafındakı hər kəslə çox yaxşı münasibətlərinin olduğunu deyir.

Samir həm də ictimai fəaldır. O, 2013-cü ildən bəri Azad LGBT təşkilatında fəaliyyət göstərir. Bu təşkilatın əsasını intihar etmiş İsa Şahmarlı 2012-ci ildə qoyub.

“Təşkilatımız tərəfindən bəzi maarifləndirici tədbirlər keçirilir. Deyə bilərəm ki, fəaliyyətimiz sahəsində bir çox homoseksual artıq özünü daha rahat hiss edir,” Samir bildirir.

O deyir ki, Azərbaycanda homofobiyanın kökündə “insanların maarifsizliyi” durur. “İnsanlar homoseksuallığı psixi xəstəlik hesab edir. Təəssüf ki, bir çox jurnalist və siyasətçilər homofob mövqelərini açıq şəkildə ortaya qoyurlar”.

Hazırda Azərbaycanda dövlət tərəfindən qeydiyyata alınmış heç bir LGBT təşkilatı olmasa da, LGBT ilə bağlı layihələri həyata keçirən dörd təşkilat və bir sıra klub fəaliyyət göstərir.

Fəaliyyətdə olan Azad LGBT təşkilatına Lalə Mahmudova rəhbərlik edir. O, hazırda ABŞ-da Gender və Qadın Tədqiqatları sahəsində magistr təhsili alır.

İsa Şahmarlının ölümündən sonra Azad LGBT təşkilatına Lalə Mahmudova rəhbərlik edir

LGBT haqlarının müdafiəçisi olan Mahmudovanın sözlərinə görə, Azərbaycanda geylərin ən böyük problemi işsizlikdir. “Çoxları məhz gey olduğu üçün iş tapa bilmir və buna görə də ciddi problemlərlə üzləşir”.

Təşkilatın əvvəlki sədiri olan İsa Şahmarlı 2014-cü ilin yanvar ayında işlədiyi ofisdə özünü rəngarən “qürür bayrağı” ilə asıb intihar etmişdi.

İsa Şahmarlının intiharından sonra Azad LGBT təşkilatına rəhbərlik edən Mahmudova deyir ki, “Şahmarlının ölümü LGBT sahəsində böyük dirçəlişə səbəb olub”.

“…Bu dünya mənim rənglərimi daşıya biləcək qədər güclü deyil,” İntahar etməzdən öncə Şahmarlı Facebook hesabında bunları yazmışdı.

Ölümündən öncə mətbuata verdiyi müsahibədə o, homoseksual olduğu üçün yaxınları tərəfindən və universitetdə təzyiqlərə məruz qaldığını bildirirdi.

Lalə Mahmudova deyir ki, Bakıda bölgələrə nisbətən homoseksuallar müəyyən qədər azaddır. “Bölgələrdə vəziyyət daha acınacaqlıdır. Hətta LGBT fərdi özünün niyə digərləri kimi olmadığını anlaya bilmir və ətrafdakıların nifrət davranışları ilə üzləşir,” Mahmudova bildirir.

Onun sözlərinə görə, LGBT sahəsində Türkiyə və Gürcüstandakı təşkilatlarla da əməkdaşlıq edirlər.

Azərbaycanda homoseksuallığa görə cəza Cinayət Məcəlləsindən 2001-ci ildən çıxarılıb. Azərbaycan rəsmiləri ölkədə homoseksuallara mənfi münasibət bəslənməsi haqda məlumatları təkzib edirlər.

Gürcüstan

LGBT haqqlarının müdafiəsilə bağlı Gürcüstanda təxminən üç təşkilatın fəaliyyət göstərdiyi bildirilir.

Giorgi Kikinoşvili Gürcüstanda tanınmış LGBT fəallarından biridir. O, gey olduğunu açıq şəkildə bildirməkdən çəkinmir və hətta oğlan dostunu ailəsinə də təqdim edib.

Giorgi Kikinoşvili (sağda) oğlan dostu ilə birgə

“Ailəm, qohumlarım, dostlarım və hətta iş yoldaşlarım məni bu cür qəbul edir. Onların hamısı oğlan dostumu da tanııyır və onunla dostulq edirlər,” Kikinoşvili deyir.

“Liberali Magazine”də onun oğlan dostu ilə Tbilisidəki həyatına dair yazı da dərc edilib.

Kikinoşvilinin sözlərinə görə, gürcü cəmiyyətindəki homofobiyanın kökündə Pravoslav Kilsəsinin təsiri dayanır. “Kilsə davamlı olaraq homoseksuallığı lənətləyir və onu “əxlaqsız Qərb mədəniyyəti” kimi təqdim edir”.

O, bir çox homoseksualların ailələri tərəfindən döyüldüyünü, hədə-qorxuya və psixoloji təzyiqlərə məruz qaldığını deyir. “Ümumiyyətlə, cəmiyyətdəki münasibət əsasən homofobikdir. Lakin ictimai rəy sorğularına görə bu münasibət hər il dəyişir və cəmiyyət get-gedə daha az homofobik olmağa başlayır. Əminəm ki, bu tendensiya davam edəcək,” Kikinoşvili deyir.

Tbilsidə geylərin toplaşa bildiyi klublar və LGBT mövzusunda müxtəlif tədbirlərin keçirildiyi məkanlar mövcuddur. Hətta universitetlərdə də bu mövzuda mühazirələr və konfranslar keçirilir.

Lakin Kikinoşvili deyir ki, küçədə keçirilən LGBT tədbirləri ilə bağlı problem mövcuddur. Tbilsidə indiyə qədər bir neçə LGBT küçə yürüşü həyata keçirilsə də, 2013-cü ildə yürüş zamanı minlərlə anti-gey etirazçı yürüş iştirakçılarına hücum edərək bir neçə nəfərin xəsarət almasına səbəb olmuşdu.

2015-ci il may ayında baş tutmuş küçə yürüşü isə hökumət və polisin mühafizəsilə heç bir insident olmadan baş tutub.

İrakli Vaçanadze Tbilisidə doğulub. O, Budapeştdə Gender Tədqiqatları sahəsində magstr təhsili alıb, yerli və xarici universitetlərdə məruzəçi olub.

İrakli Vaçanadze Gürcüstanda ən böyük LGBT təşkilatı sayılan İdentoba-nı təsis edib

Sonradan LGBT hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən və Gürcüstanda ən böyük LGBT təşkilatı sayılan İdentoba (Kimlik) təşkilatını təsis etdiyi üçün doktorantura təhsilini yarımçıq qoymalı olub.

Vaçanadze deyir ki, ali təhsilli olması və LGBT hüquqlarının müdafiəsilə məşğul olması onun özünü müdafiəsinə də kömək edib. “Lakin təəssüf ki, hər kəsdə bu cür deyil. LGBT üzvləri, xüsusən də 90-cı illərdə çox çətinliklər yaşayıb və ən çox da orta məktəblərdə tək başına digərlərinin təzyiq və zorakılığına məruz qalırlar,” Vaçanadze deyir.

O deyir ki, bütün bu çətinlikləri aşmağı bacarsa da, həyatında silinməz izlər qalıb.

Vaçanadzenin sözlərinə görə, gürcü cəmiyyətinin cinsi azlıqlara qarşı dözümsüzlüyünün kökündə mədəni kimlik dayanır. O da, homofobiyanın əsas səbəblərdən biri kimi Pravoslav Kilsəsinin rolunu qeyd edir və bildirir ki, kilsə “açıq şəkildə Rusiyanı dəstəkləyir” və homofobiya “Rusiya ədəbiyyatı və Putin rejimi tərəfindən təbliğ edilir”.

“Mən inanıram ki, bir çox insan bizim yoxa çıxmağımızı arzulayır. Bu zaman əksəriyyətin özünü təhlükəsiz hiss edəcəyini düşünür və bizə görə özlərini narahat hiss edirlər,” Vaçanadze deyir.

O, gördükləri xeyirxah işlərin də “mövcud nifrət” üzündən əksriyyətin gözündə görünmədiyini deyir.

“Biz Tbilisidə evsiz insanların müdafiəsinə qalxmışdıq. Bir dostumuzun mənzilində onlara qalmağa yer təklif edirdik. Qonşular isə homoseksual olduğumuz üçün buna mənəvi haqqımızın olmadığını və sığınacaq açacağımız təqdirdə bizə hücum edəcəklərini bildirirdilər,” fəal deyir.

Vaçanadze, təşkilatının Kutaisi və Batumidə də ofislərinin olmasına baxmayaraq, Tbilisidən kənarda LGBT sahəsində fəaliyyətin çox təhlükəli olduğunu bildirir.

Onun sözlərinə görə, hökumət və polis Qərbə yaxşı görünmək üçün LGBT haqlarının qorunması istiqamətində bəyanatlar versə də, əslində ölkədəki homoseksualların problemlərinə tamamilə göz yumurlar.

“Bir neçə rəsmi şəxs açıq şəkildə homofob olduğunu nümayiş etdirib və bir neçə halda rəsmilər tərəfindən bizə hücumlar da olub,” Vaçanadze deyir.

LGBT fəalı olan Beka Qabadadze isə Gürcüstan mediasının “qatı homofob” olduğunu bildirir.

Beka Qabadadze Gürcüstan, Ermənistan və Azərbaycandan olan bir neçə homoseksual cütlük tanıdığını deyir

O deyir ki, Gürcüstanda demokratiya çiçəklənməkdə olsa da, problemlər qalmaqdadır. “Gürcüstan çox patriarxal cəmiyyətdir və LGBT nümayəndələri üçün həyat çox çətindir”.

Qabadadzenin sözlərinə görə homoseksualların öz aralarında da nifrət hökm sürür. “Bir çoxu gey olduqlarını açıq bildriən şəxslərə qarşı çıxıralr. Gürcüstanda homoseksual olduğunu açıq şəkildə bildirən təxminən 10 nəfər insan var və onlar da fəallardır,” LGBT fəalı bildirir.

Beka Qabadadze Gürcüstan, Azərbaycan və Ermənistandan olan bir neçə homoseksual cütlüyü və Cənubi Qafqazda açıq fikirli bir sıra LGBT nümayəndəsini tanıdığını bildirir. “Bir gün bu insanlar öz ölkələrinin liderlərinə çevrilsələr, bölgədə dəyişiklik baş verəcək və sülh olacaq. Lakin indi hamımız homofob cəmiyyətlərdə yaşayırıq,” Qabadadze deyir.

Gürcüstan hökuməti ötən il iki illik Milli İnsan Haqları Fəaliyyət Planını dərc edib. Fəaliyyət planı “homofobik və transfobik ayrı-seçkiliklə mübarizədən” bəhs edir və hüquq mühafizə orqanlarının təlimini tövsiyyə edir.

Bu məqalə BBC Azərbaycan tərəfindən hazırlanmışdır.
Məqalənin müəllifi:

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Cavid Nəbiyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır